Lənkəranda 25 illik fasilədən sonra “Çay bayramı” keçirilib

Lənkəranda 25 illik fasilədən sonra “Çay bayramı” keçirilib Mayın 22-də Lənkəranda 25 illik fasilədən sonra “Çay bayramı” keçirilib.


APA-nın cənub bürosunun məlumatına görə, rayonun Vilvan kəndində fermer təsərrüfatının başçısı İlyas Əliyevə məxsus yaşıl çay plantasiyasında təşkil olunan tədbirdən öncə iştirakçılar yerli emal müəssisələrinin istehsal etdikləri yaşıl çay nümunələri ilə tanış olmaqla, pürrəngi və ətirli Lənkəran çayının dadına baxıblar. Sonra rayonun incəsənət ustaları qonaqları musiqi təranələri ilə qarşılayıblar.



Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında qeyd edib ki, ötən yüzilliyin 70-80-ci illərində rayonda yaşıl çay yarpağı istehsalı 16 min tondan çox olub. Şəhərin sənaye müəssisələrində emal olunan “Azərbaycan buketi” və “Ekstra” çayları SSRİ-nin hüdudlarından kənarda da şöhrət qazanıb.



İcra başçısı keçmişdə Lənkəranda Məhsul bayramının keçirildiyini yada salaraq, bu ildən etibarən həmin ənənənin bərpa ediləcəyini bildirib.



Lənkəran Çay filialının direktoru Fərman Abdullayev çıxışında çayçılığın elmi əsaslarla inkişaf etdirilməsi sahəsində aparılan elmi-tədqiqat işlərindən danışaraq, çayçılığın tədqiqi sahəsində yazdığı kitabları təqdim edib.



“Vilvan” kəndli-fermer təsərrüfatının başçısı İlyas Əliyev isə çıxışında bildirib ki, son 3 il ərzində Lənkəran və Astara rayonlarında 500 hektardan çox yeni çay plantasiyaları salınıb: “Mən 50 ildən çoxdur ki, çayçılıqla məşğul oluram. 2005-ci ildən bu sahənin inkişafına, çay plantasiyalarının bərpasına başlamışam. Təsərrüfatımızda 100 nəfər işçi çalışır. Onların 20-25 nəfəri daimi işlə təmin olunub”.



İlyas Əliyev həmçinin ölkəmizdə, o cümlədən Lənkəranda çayçılığın inkişafına göstərilən dövlət qayğısından ətraflı bəhs etməklə Azərbaycan prezidenti İlham Əliyevə, o cümlədən onların gündəlik qayğıları ilə mütəmadi məşğul olan, hərtərəfli köməyini əsirgəməyən Lənkəran ŞİH-in başçısı Taleh Qaraşova çaybecərənlər adından dərin təşəkkürünü çatdırıb.



“Çay bayramı”nda Lənkəranın istedadlı incəsənət ustalarından Nəzakət Veysəlovanın, “Nənələr” folklor kollektivinin, Hüseynağa Məhərrəmoğlunun, Əli Hüseynovun, Qoşqar Məmmədlinin ifa etdikləri musiqi təranələri bayrama xüsusi rövnəq verib.
Şərhlər
Sosial bölməsinin xəbərləri