Azərbaycanda 1,4 milyon dollar həcmində vergidən yayınan şəxs barəsində cinayət işi başlanıb

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında iri məbləğdə vergidən yayınma halı müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə departamentdən bazar ertəsi daxil olan məlumatda bildirilir.
Məlumatda deyilir: "Aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, H.Əliyev prospekti, 78 ünvanında yerləşən, mebel satışı ilə məşğul olan "Verona Lux" mağazasına faktiki rəhbərlik 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlu tərəfindən həyata keçirilir".
Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən "Səma LTD" MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib.
Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və "qara mühasibatlıq" sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompyuter prosessorları aşkar olunaraq götürülmüşdür.
Toplanmış materiallar Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə göndərilmiş və aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun kulli miqdar təşkil edən 562 min 483,61 manat və "Səma LTD" MMM-nin 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmaları müəyyən edilib.
Məlumatda deyilir: "Hər iki fakt üzrə Departamentin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir".
Şərhlər
Sosial bölməsinin xəbərləri