Şah İsmayıl Xətainin məzarı

Bura Ərdəbildir. Qədim Azərbaycan şəhəri. Ərdəbilə gələn hər bir azərbaycanlının Şah İsmayıl Xətainin qəbrini, Şeyx Səfiəddin türbəsini görmədən getməsi yəqin ki, günah olar. Xətai haqqında tarix kitablarından oxumuşuq. Azərbaycanlının onu sevməsi üçün böyük səbəbləri var. O, Cənubi və Şimali Azərbaycanın bir olduğu dövlətin yaradıcısı, Azərbaycan türkcəsinə ilk dəfə rəsmi status verən dövlət xadimidir.

O, həm də klassik Azərbaycan şairidir.

Şah İsmayılın məzarı Ərdəbildədir. O, böyük siyasətə ilk addımlarını böyüyüb, başa çatdığı bu şəhərdə atıb. Öldükdən sonra nəşi paytaxt Təbrizdən əcdadlarının basdırıldığı Ərdəbilə gətirilib.

Şeyx Səfiyəddin Şah İsmayılın yaşamış ulu babasıdır. Xətaidən 200 il öncə yaşayan Şeyx Səfiyyədinin türbəsi də Ərdəbildə yerləşir. Onun məzarı şüşə arakəsmə ilə ayrılıb və bu səbəbdən də məzarı yaxından müşahidə etmək bir az çətinlik yaradır. Şah İsmayılın qəbri böyük üzəri fil dişləri ilə bəzədilmiş bir sandıqla əhatə olunub. Qəbrin yanında divara Səfəvilər dövlətinin gerbi - əl şəkli cızılıb. Bizə bələdçilik edən xanım divardakının Şah İsmayılın əl izi olması ilə bağlı rəvayətlərin yanlış olduğunu deyərək 5 barmağın Səfəvi tarixində xüsusi rolu olduğunu deyir.

Şah İsmayılı bizim mənəvi kumirimizə çevirən səbəblərdən biri də onun bizim və hazırda İran dövləti daxilində yaşayan azərbaycanlıların danışdığı Azərbaycan türkcəsini dövlət dili elan etməsidir. Onun Xətai təxəllüsü ilə yazdığı şeirlərin millətin dilinin bu günə kimi qorunub saxlanmasında böyük rolu olub. Onun Xətai təxəllüsü ilə yazması ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Şah İsmayılın özünə Xətai təxəllüsü götürməsinə dair ehtimallardan biri onun Hürrün məzarını açdırması ilə bağlıdır. Şah İsmayıl buna görə ciddi xətaya yol verdiyini düşünür və özünə Xətai təxəllüsü götürür.

Bu, Ərdəbildəki bələdçinin turistlərə anlatdığı versiyadır. Əslində isə tarixçilər arasında bu mövzu bir qədər mübahisələr doğurur. Şah İsmayılın əlyazmaları hazırda Sankt-Peterburqdakı İmperator İctimai Kitabxanasının əlyazma fondunda saxlanır. Ərdəbili ələ keçirən rus qoşunları 1828-ci ildə onlar şəhəri tərk edərkən Şeyx Səfi məqbərəsindəki zəngin kitabxananı da özləri ilə qənimət olaraq aparıblar.

Bələdçi kitabxananın Rusiyaya aparılmasını belə izah edir: “Qriboyedov buranın kitabxanasını çox tərifləyir. Ona görə də general Paskeçiv şəhəri tərk edərkən kitabları da özü ilə aparır.

Şeyx Səfiəddin kompleksində Şah İsmayılın qəbri Şeyx Səfiəddin günbəzi ilə Hərəmi günbəzi arasında yerləşdirilib. Şeyx Səfiəddin zamanında Ərdəbildə xüsusi nüfuza sahib bir şəxs, sufizm ideologiyasının banisidir.

Şeyx Səfi vəfat etdikdən sonra oğlu Sədrəddin atasının nəşini buraya gətirib üzərində günbəz tikdirir. Günbəzin üzərində Allah kəlmələri yazıldığından bura Allah-Allah günbəzi də deyilir.

Kompleksi ümumilikdə Ərdəbilin simvolu hesab etmək olar. Bütün dünyadan bura gələn turistlər kompleksə xüsusi maraq göstərirlər. Türbənin girişi Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin dövründə qızıl tozu ilə bəzədilib. Burada işıqla şəkil çəkməyə icazə verilmir. Çəkiliş zamanı fotoaparatın işığından divardakı kağızların rənginin solduğu deyilir. Bu kağızlar türbə inşa edildiyi zaman vurulub və dünyada istifadə edilən ilk divar kağızıdır.

Şah Təhmasibin dövründə salon boyu xalça toxudulub. Xalçanın naxışları eynilə tavana köçürülüb. Lakin Qacar dövründə tavan dağıdılıb, yenidən qurulduğundan naxışlar orada yoxdur Sonralar türbənin bərpası məqsədilə türbə bir ingilisə satılıb və həmin məşhur xalça indi İngiltərənin "Viktoriya və Albert" muzeyində qorunur. 16 il əvvəl xalçanın oxşarı yenidən toxunub və hazırda Şah Abbasın dövründə xarici qonaqların qəbul edildiyi digər salona sərilib.
Birinci salonun sonunda Şeyx Səfiəddinin qəbri yerləşir. Onun önündə oğlu Sədrəddinin, Şeyx Sədrəddinin nəvəsi Şeyx İbrahimin, arxasında isə Şah İsmayılın atası Şeyx Heydərin qəbridir. Qəbirin yerləşdiyi günbəz salonla gümüş arakəsmə ilə ayrılıb. Birinci salon sonralar Şah Abbasın dövründə xarici qonaqların qəbul edildiyi digər salona açılır. Burada Səfəvilər dövlətinin Çindən gələn qonaqlardan aldığı hədiyyələr yerləşdirilib. Ona görə bura Çinxana salonu da deyilir.

Qeyd edək ki, Şeyx Səfiyəddin türbəsi 2010-cu ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Şeyx Səfiəddin kompleksi ətrafında məzarlıq var. Dövrünün çox böyük nüfuza sahib olan insanlarından biri imiş Şeyx Səfi. O, tərəfdarlarını bu kompleksə toplayıb onlara dərs verirmiş. Onlardan bəziləri kompleks daxilində, bəziləri ilə onun yaxınlığında yaşayıb, vəfat etdikdə isə bu türbə-kompleksdə dəfn edilərmi. Sonralar Çaldıran, Gəncə döyüşlərində ölmüş bəzi əsgərlərin meyitləri də buraya gətirilir.

Şah İsmayıl Xətainin atası Şeyx Heydərin qəbrinin harada olması ilə bağlı müxtəlif versiyalar var. Onun məzarı Şeyx Səfinin günbəzində olsa da, bəzən məzarın Meşkin şəhərindəki Şeyx Heydər türbəsində olduğu iddia edilir. Bu türbə Elxanilər dövləti zamanında tikilsə də, Şeyx Heydər onu yenidən bərpa etdiyi üçün onun şərəfinə Şeyx Heydər türbəsi adlandırılıb. Türbə hazırda bərpa olunur, bu səbəbdən içəri daxil olmağa icazə verilmir. Meşkinşəhr rəhbərliyinin mədəniyyət və irs şöbəsinin əməkdaşı Mənsur Naqilinin sözlərinə görə, bu türbənin altı sərdabədir və burada 7 qəbir var. Bu qəbirlərin üstündəki yazılar pozulduğundan kimlərə aid olduğu bilinmir. Dairəvi şəkildə olan bu türbənin başında günbəzi Rusiya-İran müharibəsi dövründə topla dağıdılıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57