Bakıda yol qəzası olub, Milli Qəhrəmanın polis oğlu ağır xəsarət alıb

Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə baş verib.

Paşayeva Asya Namiq qızının idarə etdiyi KİA markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan KİA-nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti ağırdır.

Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində APA-ya verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri