Putin Obamanı Ukraynada qan tökülməsinə imkan verməməyə çağırıb

ABŞ və Rusiya prezidentləri arasında telefon söhbəti açıq və səmimi olub.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə ABŞ prezidentinin administrasiyasındakı mənbə bildirib.

ABŞ prezidenti Barak Obama bir daha Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü qeyd edərək təəssüflə bildirib ki, Rusiya tərəfinin hərəkətləri buna imkan vermir.

“Son nəticədə, Ukrayna xalqının özü öz gələcək taleyini müəyyən etməlidir”, - deyə Obama vurğulayıb.

Obama bildirib ki, Moskvanın dəstəyi ilə rusiyameylli separatistlər Ukraynadakı vəziyyəti gərginləşdirirlər.

ABŞ prezidenti Ukraynadakı hərəkətlərinə görə Rusiyanın yeni sanksiyalarla üzləşə biləcəyini də qeyd edib.

Mənbə telefon bağlantısının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

***

Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər.

APA-nın verdiyi məlumata görə, Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb.

“Ukrayna hökuməti, ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir”, - deyə Putin qeyd edib.

Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır.
Şərhlər
Dünya bölməsinin xəbərləri