Ekologiya Nazirliyi dövlətin ayırdığı maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlı məlumatları ictimaiyyətə açıq şəkildə təqdim edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu quruma dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi, xərclənməsi və istifadə edilməmiş vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması vəziyyəti ilə də bağlı məlumatları ictimaiyyətə açıq şəkildə təqdim edib. Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu barədə tam məlumatı nazirliyin saytındakı "Maliyyə" bölümündən (http://www.eco.gov.az/s-icra%20gostericisi10.php) almaq olar.

ETSN internet saytında (eco.gov.az) fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin dolğun surətdə ictimaiyyətə çatdırılması məqsədilə məzmun baxımından bir sıra dəyişikliklər edilib.

Belə ki, II nəşri çapa hazırlanan "Qırmızı kitab"in yeni layihəsinin mütəxəssislər və ictimaiyyətin müzakirəsinə açıq olması üçün nazirliyin saytının sağ sütununda "Qırmızı kitab"ın II nəşrinin layihəsinə daxil edilmiş növlər" başlıqlı bölmə yerləşdirilib (http://www.eco.gov.az/qirmizikitab.php). Həm bu sahə ilə bilavasitə məşğul olan alim və mütəxəssislər, həm də digər maraqlananlar "Qırmızı kitab"ın II nəşrinin layihəsi ilə tanış ola, rəy və təkliflərini ETSN-nin elektron ünvanına göndərə bilərlər.

Hidrometeoroloji vəziyyətin daimi nəzarətdə saxlanılması, sel və daşqınların proqnozlaşdırılması, həmçinin müşahidə sistemlərinin daha da təkmilləşdirilməsi məqsədilə də saytda online izləmə sistemində bir sıra yeniliklər edilib. Belə ki, Kür çayında suyun səviyyəsinin dəyişmə vəziyyətinin birbaşa izlənməsi üçün çayın Neftçala ərazisində iki yeni veb kameralar quraşdırılıb və görüntülər saytdan birbaşa izlənilir.

Qeyd edək ki, daha əvvəl isə yüksək dağlıq ərazilərdə yağıntının artıb-azalma tempinin nəzarətdə saxlanılması üçün Şahdağ Milli Parkının Kabaş zirvəsi, Ləzə ərazisi və Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi olmaqla üç yerdə veb kameralar quraşdırılmış və həmin ərazilərdən də olan görüntüləri birbaşa izləmək mümkündür.

Elektron hökumətin tətbiqi ilə əlaqədar ETSN-nin saytında yaradılmış "Elektron xidmətlər" sistemində də təkmilləşdirmə işləri aparılıb. Belə ki, nazirliyin tabeliyindəki qurumların fəaliyyətindən saytda yerləşdirilmiş "Elektron xidmətlər" bölümündən istifadə etməklə yararlanmaq olar. Milli Parklara giriş biletlərini almaq, müxtəlif rüsumları, o cümlədən cərimə və digər ödənişləri bu xidmət vasitəsi ilə asanlıqla həyata keçirmək mümkündür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri