Heydər Əliyev Mərkəzinin dam örtüyündə yanğın faktı üzrə cinayət işinin istintaqı tamamlanıb

20 iyul 2012-ci il tarixdə Heydər Əliyev Mərkəzinin muzey hissəsinin dam örtüyündə yanğın baş verməsi faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəllər də məlumat verildiyi kimi, cinayət işi üzrə Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə nazirliklərinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından, habelə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərindən ibarət tərkibdə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən yanğının başvermə səbəblərinin, ona şərait yaradan halların, yanğın və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına məsuliyyət daşıyan şəxslərin dairəsinin və digər xüsusatların müəyyən edilməsi məqsədilə çoxsaylı dindirmə, üzləşdirmə, baxış, götürmə, eksperiment aparılıb, kompleks məhkəmə yanğın-texniki, təhlükəsizlik texnikası, fiziki-kimyəvi, trasoloji, xətşünaslıq, tikinti-texniki ekspertizaları təyin edilməklə müvafiq rəylər alınıb və digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, "Atlas" MMC-nin mühəndisi vəzifəsində işləməklə Heydər Əliyev Mərkəzinin tikintisində konstruksiya işlərinə rəhbərlik edən Kaya Ümit Ruşen İhsan oğlu və "DİA Holdinq" şirkətinin subpodratçı "Treysan" firmasının qrup rəhbəri (iş formeni) Şimşek Vedat Halit oğlu üzərilərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi Mərkəzin muzey hissəsinin tavanında panellərin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi zamanı müvafiq icazə verilmədiyi, texniki-layihə sənədlərində nəzərdə tutulmadığı halda qeyd olunan sahədə montaj işlərinin həyata keçirilməsi zamanı elektrik və qaz qaynağı aparatlarından istifadə edilməsinə dair "Treysan" firmasının qaynaqçısı Karahan Ömer Şerif Ömer oğluna qeyri-qanuni göstərişlər veriblər. Sonuncu tərəfindən elektrik və qaz qaynağı aparatları Mərkəzin əsas binasının muzey hissəsinə bitişik olan karniz adlanan sahəyə panellərin arasına qaldırılıb 20 iyul 2012-ci il tarixdə orada qığılcımlar üçün qoruyucu örtük və lövhədən istifadə etmədən elektrik qaynaq işləri aparılarkən yaranan metal ərintilərinin karnizin altında yerləşən muzey damının aşağı zirvə nöqtəsinin konstruktiv elementlərindən biri olan su keçirməyən membranın (su maneəsi qatının) üzərinə düşməsi və həmin membranın alışması nəticəsində həmin gün saat 10:40 radələrində Mərkəzin muzey hissəsinin dam örtüyündə onun təhlükəsiz fəaliyyətinin uzun müddət pozulması, külli miqdarda maddi ziyan vurulması, ətraf mühitə mühüm zərər yetirilməsi ilə ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib.

Kaya Ümit Ruşen İhsan oğlu, Şimşek Vedat Halit oğlu və Karahan Ömer Şerif Ömer oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq 15 mart 2013-cü il tarixdə aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri