Abşeron-Balxanyanı zonasında 6,3 maqnitudadan böyük zəlzələlərin dövrilik ehtimalı 17 il ola bilər

Abşeron-Balxanyanı zonasında 6,3 maqnitudadan böyük olan zəlzələlərin dövrilik ehtimalı 17 il ola bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov deyib.

Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev bildirib ki, tədqiqatlar İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun Yer Elmləri və Ətraf Mühit Departamentinin rəhbəri, professor Luçiano Teleska tərəfindən başlanılıb. Tədqiqatlar AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR İtalyanca) arasında elmi əməkdaşlıq barədə bağlanmış müqavilə çərçivəsində "Abşeron yarımadası seysmikliyinin məkan-zaman xüsusiyyətləri və seysmik təhlükənin qiymətləndirilməsi. Seysmik riskin təyininə töhfə" mövzusu ətrafında həyata keçirilir.

Tədqiqatlar zamanı Abşeron-Balxanyanı Astanasında, başqa sözlə, Abşerondan Türkmənistanın Kopetdağ ərazisinə qədər Xəzər dənizi boyunca baş verən seysmik hadisələrin ardıcıllığının dinamikası öyrənilib. Zəlzələlərin paylanma prosesini aydınlaşdırmaq və ərazinin seysmik rejiminin müxtəlif xüsusiyyətlərini aşkar etmək məqsədi ilə klaster (zəlzələlərin oxşarlığa görə qruplaşdırılması), Alan Faktor analizi və çoxölçülü qruplaşma üsulu ilə 1842-2012-ci illər arasında baş vermiş zəlzələlər öyrənilib. Klaster analizi və çoxölçülü qruplaşma üsulu zamanı seysmik hadisələrin qanunauyğunluqları və güclü seysmik hadisələrin dövrləri və qarşılıqlı əlaqələri araşdırılıb.

Alan Faktor analizi ilə hadisələr (1910-1938), (1949-1991) və (1995-2012) zaman intervallı və maqnitudası M≥4 olan klasterlərə ayrılıb. Müəyyən edilib ki, birinci klasterə 9, ikinci klasterə 83, üçüncü klasterə isə 96 zəlzələ daxildir. Klaster analizin nəticələri göstərir ki, tədqiqat ərazisində zəlzələlərin baş verməsi təsadüfi deyil, onların müəyyən kinematik və dinamik parametrlərlə xarakterizə edilən lokal və regional tektonik proseslərlə əlaqəsi var. Klaster analiz geodinamiki nöqteyi-nəzərdən Abşeron-Balxanyanı seysmik aktiv zonasının nadir olduğunu təsdiq edib. Belə ki, maqnitudası 4 baldan yuxarı olan seysmik hadisələrin təsadüfi paylanması ilə yanaşı, bu zonada təsadüfi olmayan əlaqə və periodiklik müşahidə olunur. Deməli, regionda zəlzələlərin bir hissəsi təsadüfi olmayıb, müəyyən kinematik və dinamik xarakteristikaları olan proseslərlə zəlzələlərin ardıcıllığı arasında və bu zəlzələlərin öz aralarında asılılıq mövcuddur. Nəticələr yüksək impakt faktoru olan "Natural Hazards and Earthquake Systems Science (NHESS)" xarici elmi jurnalda çap edilib.

Tədbirdə çıxış edən İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun Yer Elmləri və Ətraf Mühit Departamentinin rəhbəri, professor Luçiano Teleska bildirib ki, Azərbaycan alimlərinin apardıqları təddiqatlar nəticəsində Abşeron-Balxanyanı zonasının seysmikliyinin zaman qanunauyğunluqları barədə yeni məlumatlar əldə edilib. O, ilk dəfə olaraq seysmik hadisələrin zaman axınından təsadüfi olmayanların seçildiyini, gizli dövrlərin aşkarlandığını, güclü və orta güclü zəlzələ qruplarının maqnitudasının aşağı və yuxarı hədd qiymətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri