Rusiya baş naziri Azərbaycan neftinə qadağa qoydu

Rusiyanın baş naziri Dmitri Medvedyev Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına sərəncam verib. Mayın 5-də imzalanmış sərəncam bu gün dərc olunub.

ANS xəbər verir ki, sərəncama əsasən, Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış müqavilənin fəaliyyəti dayandırılır.
Medvedyev Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfini xəbərdar etməyi tapşırıb.

“Transneft”in rəsmisi İqor Demin son beş ildə Azərbaycanın hökumətlərarası sazişin şərtlərinə əməl etmədiyini vurğulayıb: “Sazişdə hər il Bakı-Novorossiysk kəməri ilə 5 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki olaraq 2 milyon ton neft vurulub. Bu həcmdən daxil olan gəlirlər “Transneft”in ötürücü boru sistemini lazımı texnoloji vəziyyətdə saxlamaq üçün çəkdiyi xərclərini ödəmir”.

Deminin sözlərinə görə, gələn ildən “Transneft” Azərbaycan neftini kommersiya müqaviləsi əsasında nəql edəcək.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS-ə verdiyi məlumata görə, bununla bağlı quruma heç bir rəsmi məlumat daxil olmayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri