Azərbaycan və Avstriya arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb

Azərbaycan və Avstriya arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 13-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hofburq sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Haynts Fişerə təqdim olundu.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.


Mayın 13-də Vyanada geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra "Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə"nin imzalanması mərasimi olub.

Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer imzaladılar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri