İran bir neçə Hollivud filmini beynəlxalq məhkəməyə verməyə hazırlaşır

İran hökuməti həqiqətə uyğun olmayan fikirləri təbliğ etməsi və ölkənin imicinə xələl yetirməsini əsas gətirərək “Arqo” ilə yanaşı, “300 spartalı”, “Qızım olmadan əsla” və “Güləşçi” kimi Hollivud filmlərini beynəlxalq məhkəməyə vermək qərarına gəlib.



APA-nın məlumatına görə, rəsmi Tehran işi “Çaqqal Karlos” ləqəbi ilə tanınan İliç Ramires Sançesin vəkili və həyat yoldaşı olan fransız İzabelle Coutant-Peyrenin ixtiyarına vermək istəyir. “Çaqqal Karlos” ilə 2001-ci ildə evləndikdən sonra müsəlman olan İ. Coutant-Peyre İran İslami İrşad və Mədəniyyət Nazirliyinin dəvəti ilə ötən həftənin sonlarında Tehrana səfər edib.



İ. Coutant-Peyre AFP xəbər agentliyinə açıqlamasında bildirib ki, məqsədi İran əleyhinə olan filmlərin istehsalını qanuni yollardan istifadə etməklə dayandırmaqdır: ““Qızım olmadan əsla”, “300 spartalı” və “Güləşçi” kimi filmlər üçün də qanuni yollara əl atacağam. “Arqo”nun yalnız bir hissəsini izləmişəm. Filmi tarixi təhrif etdiyi üçün qınamaq lazımdır. İran “Arqo”nun yayımının qadağan edilməsini istəmir. Yalnız filmin həqiqətləri əks etdirmədiyinə dair bir açıqlama verilməsini tələb edir”.



ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının hüquq məsləhətçisi Kori Endryus isə İranın iddia açmasının mümkün olmadığını deyib: “İran nüfuzuna xələl gəldiyini və ya maliyyə baxımından bir zərərə uğradığını sübut edə bilməzsə, “Arqo”ya iddia aça bilməyəcək. Fİlmdəki hadisələr 1979-cu ildə baş verənlərlə əsaslandırılır. Həmin vaxt hakimiyyət başında olan İran İslam inqilabının banisi, ali dini lider, ayətullah Xomeyni vəfat etdiyi üçün bu iddialar sübuta yetirilə bilməz”.



Harvard Universitetinin hüquq professoru Noah Feldman vurğulayıb ki, İran filmin göstərildiyi hər hansı bir ölkədə iddia aça bilər: “Ancaq İranın uğradığı zərəri sübut etməsi çox çətindir”.



Qeyd edək ki, 1979-cu il İran İslam inqilabından sonra ABŞ səfirliyinə basqından və bu ölkənin diplomatlarının girov götürülməsindən bəhs edən, “Oskar” mükafatına layiq görülmüş “Arqo”nun rejissoru və baş rolunun ifaçısı Ben Aflekdir. İran hökuməti də filmin prodüserləri Ben Aflek, Qrant Heslov və Corc Kluniyə beynəlxalq məhkəmədə iddia açmaq niyyətindədir.
Şərhlər
Dünya bölməsinin xəbərləri