Bu gün dünyada ilk metro qatarının xəttə buraxıldığı gündür

Bu gün - 10 yanvar 1863-cü ildə dünyada ilk metropoliten Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyətə başlayıb.

Metronun ilk qolu Farinqton və Paddinqton stansiyalarını birləşdirib. Onun uzunluğu 3 km-dən artıq olub. Hazırda bu yeraltı mənzil Hammersmit-end-Siti xəttinin tərkibinə daxildir.

Metronun ilk xətti ilə kömürlə işləyən buxar qatarları hərəkət edirdi. Lakin bu qatarın hisli olmasına və yanan kömürün qoxusuna baxmayaraq, yeraltı dəmir yolunun xidmətlərindən gün ərzində 40 minə qədər sərnişin istifadə edirdi.

Yeraltı məkanı sərnişin daşınması üçün istifadə etmək ideyasının müəllifi Böyük Britaniyada yaşamış, fransalı mühəndis Mark İzambar Brünel olub. O, yeraltı tunellərin tikintisini mümkün edən sistemi - domkratlar tərəfindən hərəkətə gətirilən çuqun qazmaçı sipəri hazırlayıb. Zaman keçdikcə, elektrik hərəkət qüvvəsi ilə qatarlar yaradıldıqdan sonra London metropoliteninin yeni xətlərinin tikilməsi üçün silindrik formalı qazma sipərlərindən istifadə olunmağa başlanılıb.

Azərbaycanda isə yalnız 1947-ci ildə, dağıdıcı Böyük Vətən müharibəsindən (1941-1945) 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edib. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanıb, 1951-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunub və metropolitenin 12,1 km-lik xəttinin inşasına başlanılıb.

Baş yolun xətləri dəniz sahilindən 500-700 m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi. 1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılıb və yalnız 1960-cı ildə bərpa olunub. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirib.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılıb.







APA
Şərhlər
Maraqlı bölməsinin xəbərləri