Bədii gimnastika üzrə dünya çempionatı 2019-cu ildə Azərbaycanda keçiriləcək

Bədii gimnastika üzrə dünya çempionatı 2019-cu ildə Azərbaycanda keçiriləcək 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək.Trend-in məlumatına görə, bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının Liverpulda keçirilən iclasında yekdilliklə qəbul olunub.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) verdiyi məlumata görə, Bakı-2019-un təqdimatını iclasda iştirak edən FIG Şurasının üzvü, AGF-nin baş katibi Fərid Qaibov keçirib. Onun çıxışı son illərdə Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar haqqında çarxla müşahidə olunub. O xatırladıb ki, Bakıda artıq 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatı keçirilib: "Bu, bizim ölkədə olimpiya idman növü üzrə yüksək səviyyədə təşkil olunan ilk yarış idi. Sonra paytaxtda iki Avropa çempionatı (2007, 2009) keçirildi, gələn il isə Bakı növbəti Avropa birinciliyi üçün Milli Gimnastika Arenasının qapılarını açacaq".

AGF-nin baş katibi bu yaxınlarda Bakıda yoxlama səfərində olan FIG nümayəndələrinə təşəkkür edib və dünya çempionatının 2020-ci il Olimpiya Oyunlarına lisenziya vermək statusunu xüsusi vurğulayıb.

Azərbaycan Gimnastika Federasiyası üçün əhəmiyyətinə görə heç də geri qalmayan ikinci hadisə də Liverpulda baş verib. Milli Federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev FIG-in İntizam Komissiyasının üzvü seçilib. Onun namizədliyinə Şura üzvlərinin böyük əksəriyyəti səs verib. Yaxın 4 ildə Əliyevin həmkarları İsveçrə, Belçika, Serbiya və Suriyadan olan nümayəndələr olacaq.

Yeni seçilən komissiya üzvünün sözlərinə görə, onun əsas vəzifəsi yarış və məşq prosesi vaxtı bu və ya digər idmançıların qayda pozuntularına baxılmasından, o cümlədən dopinq qəbuluna görə cəzalandırma və müxtəlif neqativ təzahürlərin azaldılması üzrə tədbirlərin hazırlanmasından ibarət olacaq.

Və nəhayət, üçüncü şad xəbər akrobatik gimnastika üzrə Dünya Kuboku mərhələsinin keçirildiyi Sofiyadan gəlib. Yarış çərçivəsində qadın cütlüklər arasında Avropa 2009-un qalibi olmuş Ayla Əhmədova FIG Atletlərinin Komissiyasının prezidenti seçilib.

"Bildiyiniz kimi, bu komissiyanın rəhbəri seçilməyim avtomatik olaraq məni FIG-in Akrobatika üzrə Texniki Komitəsinin üzvləri sırasına daxil edir. Ona görə də bu mənim üçün ikiqat məsuliyyət, yeni çağırışdır və mən akrobatikanın inkişafı üçün bütün bildiklərimi bölüşəcəyəm və yüksək nəticələrə nail olmaları üçün bütün idmançılara kömək edəcəyəm", - o bildirib.
Şərhlər
İdman bölməsinin xəbərləri