Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclərin diqqətinə

Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclərin diqqətinə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, 2010-cu ildən etibarən Türkiyə universitetlərinə tələbə qəbulu, universitetlər tərəfindən müəyyən edilən və YÖK-ün təsdiq etdiyi şərtlərlə aparılır.

Bu çərçivədə hazırda bəzi universitetlər özləri öz imtahanlarını keçirir. Türkiyənin bəzi universitetləri qəbul zamanı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanı ballarına əsaslanır. Bəzi universitetlər isə orta məktəb diplomu qiymətləri və tələbələrin beynəlxalq imtahanlardan topladığı balları nəzərə alırlar.

Səfirlikdən bildirilib ki, son zamanlar Türkiyədə təhsil almaq istəyən tələbələrin və tələbələri bu məsələdə dəstəkləyən məsləhətçi təhsil şirkətlərinin sayı artıb. Bununla yanaşı, səfirliyə də bəzi şikayətlər və müraciətlər daxil olmaya başlayıb. Universitetlərə qəbulun yaxınlaşdığı bir dövrdə valideynlər və tələbələr tərəfindən bilinməsi vacib olan bəzi məsələlərin Azərbaycan ictimaiyyəti ilə paylaşılmasına ehtiyac yaranıb.

Məlumatda qeyd edilib ki, bəzi məsləhətçi təhsil şirkətlərinin Türkiyənin aparıcı universitetlərinə imtahansız və yüksək qeydiyyat haqqı ödəməklə yalnız orta məktəb diplomu ilə tələbə qəbulunu apardıqları məlum olub. Bu məsələ ilə bağlı aparılan tədqiqatdan və səfirliyimizə daxil olan şikayətlərdən, həmin şirkətlərin tələbələrə bəzi tanınmış ali təhsil müəssisələrimizdə mövcud olmayan və imtahanla qəbul keçirilən bölümlərə diplom qiymətləri əsasında yerləşdirməyi söz verdikləri, bu vədin qarşılığında valideynlərdən 10000 manat kimi yüksək məbləğlər aldıqları öyrənilib. Şirkətlərdən bəzilərinin isə Türkiyə dövlətinin xarici tələbələr üçün nəzərdə tutudğu "Türkiyə Təqaüdləri"i qazandırmağa qarantiya verdikləri, valideynləri və tələbələri buna bənzər yalan bəyanlarla aldatdıqları müəyyən edilib. Buna bənzər şirkətlərin keçən illərdə də universitetlər adından saxta qəbul sənədləri tərtib etdikləri, təhsil haqqı, yerləşdirmə (universitet şəhərciyi) haqqı və yemək məsrəfləri kimi xərcləri valideynlərdən alaraq aidiyyəti qurumlara ödəmədikləri, bu vəziyyəti Türkiyəyə gəldikləri zaman öyrənən tələbələrin zərər çəkdiyi barədə informasiya alınıb:

"Yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısının alınması üçün tələbələrin və valideynlərin aidiyyəti universitetlərin qeydiyyat şərtlərini (imtahan və ya diplom ilə qeydiyyatın aparılıb-aparılmadığını və hansı sənədlərin tələb edildiyini) universitetlərin internet saytları və telefon nömrələri vasitəsi ilə əlaqə saxlayaraq təsdiq etmələri, saxta qəbul sənədləri məsələsində diqqətli olmaları və yenə bu sənədlərin düzgünlüyünü aidiyyəti universitetlərdə təsdiq etmələri, mümkünsə, universitet təhsil haqqı və şəhərcikdə qalma haqları kimi məsrəfləri Türkiyəyə gəldikləri zaman birbaşa aidiyyəti universitet orqanlarına ödəmələri məqsədəuyğun olardı".
Şərhlər
Sosial bölməsinin xəbərləri