Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar ət kəsiminə nəzarət gücləndirilib

Dövlət Baytarlıq Xidməti (DBX) havaların isti keçməsi ilə əlaqədar ölkədə ət kəsiminə nəzarəti gücləndirib.


DBX-nin rəisi Sialə Rüstəmova APA-ya açıqlamasında deyib ki, qaydalara əsasən, baytarlıq nəzarətindən kənar yerlərdə ət kəsimi və satışına icazə verilmir.


Onun sözlərinə görə, mütəmadi olaraq həm Bakı şəhərinin, həm də regionlardakı baytarlıq idarələrinin nümayəndələri tərəfindən reydlər keçirilir: “Çalışırıq ki, bunların qarşısını vaxtında alaq. Yol kənarlarında isə ət satışına, ümumiyyətlə, icazə verilmir. Gücləndirilmiş nəzarət zamanı bütün ət kəsimi məntəqələrindən baytarlıq-sanitariya sənədləri tələb edilir”.


Xidmət rəisi heyvanlar arasında qeydə alınan bruselyoz və qarayara xəstəliyi ilə bağlı vəziyyətə də aydınlıq gətirib. O bildirib ki, 2012-ci ildə heyvanların bruselyoza qarşı 100% peyvəndlənməsi həyata keçirilib: “Qarayara xəstəliyinə də qarşı müvafiq tədbirlər planına əsasən hər il peyvəndlənmə işi görülür”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri