Azərbaycan pullu avtomobil yolları ilə bağlı hüquqi baza yaradılır

Azərbaycan pullu avtomobil yolları ilə bağlı hüquqi baza yaradılır Azərbaycanda pullu avtomobil yollarının tənzimlənməsi üzrə qanunverici baza yaradılır.

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsi hazırda qüvvədə olan "Avtomobil yolları haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsinin parlamentin plenar iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.

Dəyişikliklər Azərbaycanda yeni pullu yolların yaradılmasını və ya dövlət mülkiyyətində olan yollar əsasında pullu yolların təşkilini nəzərdə tutur.

Qanun layihəsində avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişafı, xarici investisiyaların cəlb edilməsi, avtomobil yolu istifadəçilərinə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin olunması nəzərdə tutulub.

Ödəniş avtomobil yollarında bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər. Pullu yolun sahibi onun istismarından əldə olunan vəsati tamamilə idarə edə bilər.

Qanun layihəsinə görə, ödənişli avtomobil yolları bu şərtlərlə yaradıla bilər:

- keyfiyyəti dövlət standartlarının və və normativ sənədlərin tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda;

- nəqliyyat vasitələrinin hərəkətinin yüksək sürəti, habelə yol boyu keyfiyyətli servis xidmətinin göstərilməsi təmin edildikdə.

Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması ilə əlaqədar daşımalarda hərəkət edən, habelə polis, qəza-bərpa, kommunal, təcili tibbi yardım xidmətlərinə məxsus xüsusitəyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişin ödənilməsindən azaddırlar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri