Misir Mərdanov planlarını açıqladı

Misir Mərdanov planlarını açıqladı Keçmiş Təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi AMEA-da ilk iclasını keçirib.

“Qafqazinfo”nun akademiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan RMİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib. O, çıxışında bildirib ki, institutun gələcək illər üçün inkişaf Proqramı hazırlanmalı və bu məqsədlə İşçi qrupu yaradılaraq öz həllini gözləyən problemləri aşkara çıxarmalıdır.

Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” və “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültələri ilə əlaqələrin qurulmasının vacibliyindən söhbət açan professor perspektivli məzunların instituta cəlb olunması məsələsinə də xüsusi önəm verdiyini qeyd edib.

M. Mərdanovr 29-31 may 2013-cü il tarixlərdə “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda keçiriləcək Beynəlxalq konfransa hazırlıq işləri ilə bağlı məlumat verib.

İclasda 2014-cü ildə institutun 55 illik yubileyinin keçirilməsi istiqamətində hazırlıq işlərinin görülməsi, institut əməkdaşlarının təcrübi biliklərinin daha da möhkəmləndirilməsi məqsədilə xaricdə təhsillərinin davam etdirilməsi, institutun saytının müasir tələblərə uyğun yenidən işlənməsi və s. məsələlər də müzakirə olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri