“Akkord” Korporasiyası Gürcüstanda infrastruktur layihələri həyata keçirir

«Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası» ASC xarici ölkələrdə investisiya yatırımının artırılması, soydaşlarımıza qayğı və diqqətin gücləndirilməsi ilə bağlı prezident İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində işləri davam etdirilir.



APA-in məlumatına görə, “Akkord” Korporasiyasının yaydığı məlumatda bildirilir ki, bu tədbirlər planına uyğun olaraq azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə həyata keçirilmiş infrastruktur layihələri bunun sübutudur.



Martın 11-də Gürcüstanın Kvemo-Kartli vilayətinin Marneuli rayonunda infrastruktur layihələrinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Tədbirlərdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri və baş direktoru Xaqani Quluzadə, Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan parlamentinin deputatları Tinatin Xidaşeli, Mahir Dərziyev, Əli Məmmədov və başqaları iştirak edib.



Marneuli rayonunun 17 min əhalisi olan Alget kəndində uzunluğu 33, eni 5 metr olan kəndarası körpünün istifadəyə verilməsini kənd əhalisi böyük razılıqla qarşılayıb. Bundan başqa, Candar kəndində 21 min m2 (2,1 ha) ərazidə soyuducu kameraların təməlqoyma mərasimi keçirilib.



Mərasimdə jurnalistlərə müsahibə verən ARDNŞ prezidenti R.Abdullayev qeyd edib ki, Gürcüstana səfəri çərçivəsində bu ölkənin baş naziri Bidzina İvanişvili ilə görüşündə diqqət azərbaycanlılar yaşayan bölgələrin sosial-iqtisadi inkişafı məsələlərinə yönəldilib. Baş nazir iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşəcəyini bir daha vurğulayıb. R.Abdullayev Gürcüstanın qazlaşdırılmasında ARDNŞ-ın mühüm rol oynadığını və təməlqoyma mərasimi keçirilmiş soyuducu kameraların gürcüstanlı azərbaycanlıların müraciəti əsasında prezident İlham Əliyevin tapşırığı ilə inşa olunduğunu bildirib.



Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze soyuducu kameraların tikintisinin böyük əhəmiyyət kəsb etdiyini və bunun bölgənin azərbaycanlı fermerlərinə yaxşı hədiyyə olduğunu qeyd edib. Nazir soyuducu kameraların istismara verildikdən sonra fermerlərin məhsullarını həmin kameralarda saxlayıb onlar üçün münasib vaxtda satışa çıxarmaq imkanına malik olacaqlarını bildirib.



Soyuducu kameraları “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası”nın törəmə şirkəti “Akkord-Georgia” inşa edir. Burada kənd təsərrüfatı məhsullarının saxlanılması üçün hər cür şərait yaradılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri