Beynəlxalq velosiped turu ilə əlaqədar Bakıda bağlanacaq küçə və prospektlərin siyahısı açıqlandı

Beynəlxalq velosiped turu ilə əlaqədar Bakıda bağlanacaq küçə və prospektlərin siyahısı açıqlandı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi may ayının 1-dən 5-dək Azərbaycanda velosiped turunun keçirilməsi ilə əlaqədar əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, 24 ölkədən 25 komandanın iştirak etdiyi 5 mərhələ üzrə velosiped turunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə adı qeyd olunan küçələr istiqamətində yarışların keçirildiyi zaman avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

"Belə ki, mayın 1-də velosiped turunun 1-ci mərhələsi paytaxtın Heydər Əliyev Mərkəzindən Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində və geriyə 11 dəfə dövrə vurmaqla başa çatacaq. 2-ci mərhələnin mayın 2-də Bakı - Qobustan - Şamaxı - İsmayıllı marşrutu, 3-cü və 4-cü mərhələlərin isə (müvafiq olaraq, mayın 3-4-də) bölgələr üzrə keçirilməsi nəzərdə tutulur", - Əsədov bildirib.

O qeyd edib ki, 5-ci mərhələ isə paytaxtın mərkəzi küçələri - Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

Bakı şəhər yol polisi sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir və ya ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini xahiş edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri