Xəzərin statusu haqqında Konvensiya layihəsinə yeni təkliflər və güzəştli düzəlişlər daxil edilib

Xəzərin statusu haqqında Konvensiya layihəsinə yeni təkliflər və güzəştli düzəlişlər daxil edilib Xəzəryanı ölkələr dənizin hüquqi statusu haqqında Konvensiya layihəsinin bir sıra müddəalarına yeni təkliflər və güzəştli düzəlişlər daxil ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in saytında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun 32-ci iclasının yekunlarına həsr olunmuş yazıda qeyd olunub.

"Ötən gün Tehranda başa çatan iclasın gedişində nümayəndə heyəti rəhbərləri Xəzərin hüquqi statusunun əsas elementləri və dənizdə əməkdaşlığın müxtəlif aspektləri üzrə öz ölkələrinin mövqeyini təqdim ediblər", - Rusiya XİN-in məlumatında bildirilir.

Aprelin 23-24-də Tehranda Xəzəryanı dövlətlərin XİN rəhbəri müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun 32-ci iclası keçirilib.

İclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə III Xəzər sammitinin (Bakı, 2010-cu il) qərarlarının tezliklə icrasının vacibliyi xüsusi qeyd olunub. Bununla əlaqədar olaraq, həmin qərarların müzakirəsi məqsədilə Xüsusi işçi qrupunun növbəti iclasında bütün tərəflərin kartoqrafik sxemləri təqdim etməsinin vacibliyi barədə qarşılıqlı anlaşma əldə olunub.

Tərəflər Xüsusi işçi qrupunun 32-ci iclasının müsbət nəticələrini vurğulayıb və İran tərəfinə tədbirin vaxtında təşkili və uğurlu keçirilməsinə görə təşəkkür ediblər.

Nümayəndə heyətləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılması prosesinin aktivləşdirilməsi üçün danışıqların tempinin saxlanmasının zəruriliyini vurğulayıblar.

Xüsusi işçi qrupunun növbəti - 33-cü iclası Bakıda keçiriləcək. Tərəflər bir ay ərzində diplomatik kanallar üzrə tədbirin keçirilmə tarixini müəyyənləşdirəcəklər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri