Azərbaycanda ali məktəblərə qəbul planı artırıldı

Azərbaycanda ali məktəblərə qəbul planı artırıldı Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə plan yerlərinin sayı artırılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, ali təhsil müəssisələri üzrə qəbul planı və dövlət sifarişli ixtisaslar üzrə qəbul aparılacaq yerlərin proqnozu Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında təsdiqlənərək artıq bu quruma təqdim edilib.

2013-2014-cü tədris ili üçün ali məktəblərə tələbə qəbulu üçün 36 537 plan yeri ayrılıb. Ümumilikdə ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7,5 faiz artıb. Dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı isə ötən ilə nisbətən 3,58 faiz artıb.

Qəbul planına daxil edilən ixtisasların adları "Abituriyent" jurnalının 3-cü sayında sabah elan ediləcək.
E.Nağızadə bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyaları Universitetinin yaradılması ilə əlaqədar bu məktəbə yeni ixtisaslar üzrə də qəbul aparılacaq.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 34 098 yer ayrılmışdı.
Şərhlər
Sosial bölməsinin xəbərləri