Yük maşını körpüdən aşdı: 1 ölü, 3 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. ANS-in verdiyi məlumata görə, hadisə Lənkəran – Boradigah yolunun 9-cu kilometrliyində, Lənkəran rayonunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Cil kənd sakini 24 yaşlı Pərvin Nəbi oğlu Babayev idarə etdiyi “Kamaz” markalı yük maşını Lənkəran şəhəri istiqamətində “Veravulçay” körpüsü üzərində elektrik dirəyinə çırpılaraq aşıb. Nəticədə sürücü Pərvin Babayev hadisə yerində dünyasını dəyişib.

Yük maşınında olan sürücünün yaxın qohumları 25 yaşlı Kamil Sədaqət oğlu Rəhimov, 27 yaşlı Ruslan Cəsarət oğlu Əkbərov, 24 yaşlı Rəhim Əhəd oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Lənkəran şəhər polis şöbəsinin və DYP şöbəsinin əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbinə gəlincə, ilkin məlumata görə, sürücünün yük maşınını yüksək sürətlə idarə edib və yağışlı yolda sürüşüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri