Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə torpaq altından çıxarılıb.
 
Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.
 
Hadisə Zığ qəsəbəsində, Zığ yolu şossesi, 43 saylı binanın qarşısında baş verib. Binanın yaxınlığında su borusunun çəkilməsi işləri ilə əlaqədar ərazidə qazıntı işləri aparılıb. Orada fəhlələr işləyən zaman qəfildən böyük torpaq qatı dərin xəndəyə uçub. Nəticədə fəhlələrdən biri, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.
 
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.Hadisə şahidlərinin və Ə.Bağırzadənin yaxınlarının sözlərinə görə, xilasetmə işləri bir neçə saat davam edib. Xəndəyin dərin və dar olması bu işləri daha da çətinləşdirib. Sonda xilasetmə əməliyyatı uğurla başa çatıb və Ə.Bağırzadə torpaq qatının altından çıxarılıb. Müəyyən xəsarətlər almış 22 yaşlı gənc təcili xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.
 
Qeyd edək ki, adıçəkilən beşmərtəbəli yaşayış binası sürüşmə zonasında yerləşir. Burada fasilələrlə baş verən sürüşmə halları nəzərə alınaraq binanın bəzi sakinləri mənzillərdən köçürülüb. Ərazinin sürüşmə zonası olması da torpaq qatının uçmasında əsas amillərdən biri kimi göstərilir.


Şərhlər
Hadisə bölməsinin xəbərləri