Piyadaları vuran sürücülərlə bağlı mühüm qanunda dəyiklik edilə bilər

Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər.

LIVE.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov APA-ya bildirib ki, Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək.

Məcəllədə 263.1-ci maddənin avtomobil qəzası nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsində isə ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi ilə bağlı bəndlərin olduğunu deyən R. Cəbrayılov qeyd edib ki, maddəyə əlavə edilən qeydə görə, 263.1 və 263.1-1-ci maddələrinə əsasən cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir.

263.1 və 263.1-1-ci maddələr digər alternativ cəzalarla yanaşı, müvafiq olaraq 2 il və 3 il azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutur. Bu maddələrdə nəzərdə tutulmuş əməlləri törədən sürücülər məhkumluq kimi ağır hüquqi nəticələri olan vəziyyətdən xilas ola bilmək imkanı eldə edəcəklər.

Deputat bildirib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: “Yəni, bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməsi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri