DÇ-2018: CAR – Seneqal matçının nəticəsi ləğv olunub [Video]

DÇ-2018: CAR – Seneqal matçının nəticəsi ləğv olunub [Video]



DÇ-2018-in seçmə mərhələsinin Afrika zonasında keçirilən CAR – Seneqal matçının nəticəsi ləğv olunub. Live.az apa-ya istinadən verdiyi məlumata görə, buna kobud hakim səhvi səbəb olub.

2016-cı il noyabrın 12-də keçirilən matçla bağlı araşdırmalar təxminən 10 ay sürüb və yalnız indi qərar verilib. Bununla, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun da vaxtilə şərəfini qoruduğu CAR yığması 3 xaldan məhrum edilib.

Çünki artıq üç ildi millidən kənar düşən Dinonun həmyerlilərinin hakim səhvi sayəsində qələbə qazandığı təsdiqlənib. Referinin “Bafana-Bafana”nın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın nəticəsinə birbaşa təsiri isə hakimin özünə də baha başa gəlib.

Oyunun Qanadan olan referisi Cozef Odartey Lempti Afrika Futbol Konfederasiyası tərəfindən ömürlük idarəçilikdən kənarlaşdırılıb. Buna səbəb onun təyin etdiyi penaltinin düzgün olmamasıdı.

Hakim bu penaltini təyin etməklə Dinonun sabiq komanda yoldaşlarının ilk qoluna səbəb olub. Thulani Hlaşvayonun 42-ci dəqiqədə hesabı açması ilə nəticələnən bu penaltinin təyin edilməsi isə futbol qaydalarına tam zidd olub.

Məhz bu üzdən məsələni FİFA-nın İntizam Komitəsi də araşdırıb. Qurum “Oyunun nəticəsinə qanunsuz təsir etmək” kodeksinin pozulduğunu müəyyənləşdirib. Məhz buna görə də CAR – Seneqal görüşünün nəticəsi ləğv olunub.

FİFA komandaların yenidən üz-üzə gəlməsini lazım bilib. Oyunun noyabrda baş tutması nəzərdə tutulsa da, dəqiq tarix müəyyənləşməyib.

Lakin bu CAR-ın mövqeyinə təsir etməyib. Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda çıxış edən Ndlovunun həmyerliləri 1 xalla sonuncu pillədə qalıb. Məğlubiyyətdən qaçan Seneqal isə daha yüksək yerlər uğrunda mübarizə aparmaq imkanı qazanıb.


Şərhlər
İdman bölməsinin xəbərləri