Əli Həsənov: “The Guardian” Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki?..

Əli Həsənov: “The Guardian” Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki?..



“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “The Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələr Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsidir, həqiqəti əks etdirmir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin “Hürriyet” qəzetinə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov əlavə edib ki, “The Guardian” məlum mərkəzlərin sifarişini yazır: ““The Guardian” Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki? Bu qəzet neçə ildir, anti-Azərbaycan mövqeyi ilə tanınır, dünya miqyasında məlum mərkəzlərin sifarişlərini yerinə yetirir. İndi də eyni addımı atdı. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) ilə əlbir olub, Azərbaycana qarşı yeni qaralama kampaniyasına başlayıb”.

Ə. Həsənov əlavə edib ki, OCCRP adlı araşdırma mərkəzinin qolları 10 il əvvələdək Azərbaycanda fəaliyyət göstərib: “Onların qərəzli fəaliyyəti ortaya çıxdı və Azərbaycandan qovuldular. Onları Qərbdə, xüsusilə ABŞ-dakı erməni diasporunun fondları əl altından idarə edir”.

Ə. Həsənovun sözlərinə görə, Azərbaycanı sevməyən bəzi dairələrin Türkiyədə təbliğatı aparılır: “Bizi məyus edən “The Guardian”da əsassız xəbərin çıxması deyil. Biz Azərbaycana qarşı bu dairələrin Türkiyədə də təbliğatının aparılmasına üzülürük. Türkiyədəki bəzi nəşrlər vasitəsilə qaralama fəaliyyətlərini davam etdirirlər. Biz yaxşı bilirik ki, bu nəşrlər hansılardır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri