Azərbaycanda silah anbarında yanğın lokallaşdırılıb: FHN, MN, DYP işə keçib [Yenilənib]

Azərbaycanda silah anbarında yanğın lokallaşdırılıb: FHN, MN, DYP işə keçib [Yenilənib]



Hadisə baş vermiş ərazidən təxliyə olunmuş əhali hazırda daimi yaşayış yerlərinə qayıdır
Bu gün saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.

APA-nın xəbərinə görə, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib.

Hadisə baş vermiş ərazidən təxliyə olunmuş əhali hazırda daimi yaşayış yerlərinə qayıdır.

***


Fövqəladə Hallar Nazirliyi (FHN) Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verməsi barədə məlumat yayıb.

FHN-dən APA-ya daxil olan məlumatda bildirilir ki, bu gün Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verib.

Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.

Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.

Əlavə məlumat veriləcək.

***


Cinayət işi başlanıb, yaxınlıqdakı kəndlərin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək FHN tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir
Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat Xidmətləri silah anbarında baş verən partlayışla əlaqədar birgə məlumat yayıb.

APA-nın məlumatına görə, birgə məlumatda qeyd edilib ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunublar. Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb. Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.


***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

Live.az məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

****

Az öncə Siyəzən yaxınlığında silah anbarında güclü partlayış baş verib.

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdikləri məlumata görə, partlayış yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Məlumata görə, hazırda Bakı-Quba yolu bağlanıb, avtomobillər geri göndərilir.







Azərbaycanda silah anbarında yanğın lokallaşdırılıb: FHN, MN, DYP işə keçib [Yenilənib]


Azərbaycanda silah anbarında yanğın lokallaşdırılıb: FHN, MN, DYP işə keçib [Yenilənib]
Şərhlər
Hadisə bölməsinin xəbərləri