Oğuzda qəzada ölənlərin hamısının şəxsiyyəti məlum olub

Oğuzda qəzada ölənlərin hamısının şəxsiyyəti məlum olub



Oğuzda baş verən ağır yol qəzasında ölənlərin hamısının şəxsiyyəti məlum olub.

Hadisə avqustun 20-i günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayonu Aşağı Göynük kənd sakini, 1971-ci il təvəllüdlü Vəlyəddin Kamal oğlu Hünmətovun idarəetdiyi “Mercedes” markalı 48 BC 651 dövlət nömrə nişanlı minik avtomobili ilə Oğuz rayonu Kərimli kənd sakini 1990-cı il təvəllüdlü Cəmil Abdullayevin idarəetdiyi "Volkswagen Passat" markalı 62 BK 566 dövlət nömrə nişanlı avtomobill toqquşub. Ağır yol qəzasından sonra avtomobillərin birində sərnişin qismində olan, Qəbələ rayon sakini Müzəffər Mustafa oğlu Fətəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb və Oğuz Mərkəzi Rayon Xəstəxanasının (MRX) morquna aparılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.

Oğuz MRX-dan APA-ya verilən məlumata görə, yaralılar - Bakı şəhər sakinləri olan 1964-cü il təvəllüdlü Məhsuma Sultan qızı Kahraman, onun 12 yaşlı övladı Murad Kahraman, “Volkswagen Passat”-ın sürücüsü Cəmil Abdullayev, onun anası 1960-cı il təvəllüdlü Sədaqət Cəbrayıl qızı Abdullayeva, “Mersedes”in sürücüsü Vəlyəddin Hünmətov və Şəkinin Şin kəndindən 1963-cü il təvəllüdlü Şükür Ağamirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki MRX-a göndəriliblər.

Şəki MRX-dan APA-ya bildirilib ki, Vəlyəddin Hünmətov və Şükür Ağamirzəyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər. Cəmil Abdullayevin vəziyyəti yüngül olduğundan ona yardım göstərildikdən sonra evə buraxılıb. Məhsuma Kahramanın müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Mahsumanın oğlu Murad Kahramanın və Sədaqət Abdullayevanın vəziyyətləri nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri