Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar


2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi” çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, builki çöl tədqiqatların başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 6 yeni təsvirli daş aşkar edilib. Bu 6 daşda yeni aşkar olunmuş 20-dən artıq qayaüstü təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan Tunc Dövrünə aid keçi təsvirləri, antropomorflar, maral təsviri və geometrik işarələrdən ibarətdir. Bununla yanaşı, əvvəllər qeydə alınmış qayalarda müasir qeydiyyat metodlarının tətbiqi nəticəsində yeni təsvirlər əldə olunub. Əldə olunan bu nəticələr laborotoriya şəraitində digər daşların eskizlərinin hazırlanması zamanı daha çox yeni təsvirlərin müəyyən ediləcəyini güman etməyə əsas verir.

2016-cı ildə Qobustan qoruğunda qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılıb. Layihənin məqsədi müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdır. İlk olaraq Cingirdağ-Yazılıtəpə sahəsindəki təsvirli daşların sənədləşdirilməsinə başlanılıb. Sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub.

Hər bir təsvirli daşın fotoları çəkilib, 3D modeli düzəldilib, yeni formatda hazırlanmış qeydiyyat vərəqi doldurulub, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilib və yeni rəqəmsal metodla eskizləri çıxarılıb. Tədqiqat zamanı müasir metodların tətbiqi nəticəsində yeni təsvirlər aşkar edilib.

2016-cı ildə tədqiqat layihəsinin ilkin nəticələri albom-kitab şəklində nəşr edilib. Kitabda nəşr olunmuş 14 təsvirli daşın 3-ü 2016-cı ildə çöl-tədqiqatı zamanı aşkar olunub. Bu 3 daşın üzərində ümumilikdə 44 təsvir müəyyən edilib. Digər 11 daşda isə əvvəllər məlum olan 112 təsvirdən əlavə 94 yeni təsvir aşkar edilib. Ümumilikdə bu kitabda nəşr olunmuş 250 təsvirin 138-i yeni aşkar olunub və ilk dəfə “Qobustan. Yeni baxış, Cingirdağ-Yazılıtəpə 2016-cı il çöl tədqiqatları” kitab-albomunda nəşr edilib.

Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.

Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar

Qobustan qoruğunda yeni tapıntılar
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri