Nazirlik: Son üç gündə Sumqayıtda 119 uşaq infeksiya ehtimalı ilə xəstəxanaya daxil olub [Video][Yenilənib]

Nazirlik: Son üç gündə Sumqayıtda 119 uşaq infeksiya ehtimalı ilə xəstəxanaya daxil olub [Video][Yenilənib]


Son üç gündə Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır: “Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.

İ. Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb: “Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.




***

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət edən uşaqların vəziyyətində hazırda təhlükəli bir hal yoxdur.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Nazirliyin sözçüsü bildirib ki, 60-a yaxın azyaşlı uşaq ishal və qusma diaqnozu ilə xəstəxanaya qəbul edilib:

"Müayinə və ilkin tibbi yardım göstərildikdən sonra onların bir qismi dərhal evə buraxlıb. Hazırda xəstəxanada qalan uşaqlar özlərini yaxşı hiss edirlər və həkimlərin təkrar müayinəsindən sonra onlar da evə buraxılacaqlar".

L.Bayramova uşaqların nədən zəhərləndiklərinin hələ məlum olmadığını bildirib:

"Uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq".

L.Bayramova nazirliyin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının xəstəxanada olduqlarını və vəziyyəti nəzarətdə saxladıqlarını vurğulayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri