Baş Prokurorluq Tovuzda filial müdirinin qətli ilə bağlı məlumat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin filial müdirinin qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Belə ki, aprelin 22-də Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının müdiri vəzifəsində işləyən rayon sakini Raya Bayramovanın xidməti otağında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar, əl-barmaq izləri götürülmüş və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən filialda baş mühasib işləyən, rayon sakini Vidadi Vəliyev aprelin 24-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

V.Vəliyev istinaqın ilkin mərhələsində hadisəni törətdikdən dərhal sonra məsuliyyətdən yaxa qurtarmaq və istintaqı başqa istiqamətə yönəltmək üçün cəhdlər etsə də, sonradan törətmiş olduğu cinayət əməlini etiraf edərək, cinayətin aləti olmuş predmeti və digər maddi sübutları istintaq orqanına təqdim edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri