“AMAY Abdulla” 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən “MTN-çi”nin işi ilə bağlı ifadə verib

AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev özünün keçmiş MTN əməkdaşı kimi təqdim edərək 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə şahid qismində ibtidai istintaqa ifadə verib.

A. Abdullayev bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt, 2004-cü ildə tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib və işçisi Dünyaxanım Əliyevaya borcu olduğunu, lakin borcunu qaytarmaq imkanının olmadığını deyib və bunun üçün ondan pul istəyib. Onun sözlərinə görə, bundan sonra Dilarəyə kömək edərək, məbləğini xatırlamadığı miqdarda bir neçə dəfə maddi yardım göstərib. A. Abdullayev qeyd edib ki, Dilarə növbəti dəfə onun yanına gələrək, Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi əlaqədə olduğunu deyib: "Dilarə xahiş etdi ki, həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək edim. Ancaq mən bu təkliflə razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, Aygünün xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim ki, bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadimə olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi. Aygün oğlan uşağı dünyaya gətirmişdi. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi mənim adımın yazdırmaq istədiyini dedi.

Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Aygünün qız övladı da dünyaya gəlib. Həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adımin yazılmasına razılıq vermişəm".

A. Abdullayev qeyd edib ki, 2012-ci ildə A. Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adının yazılmasından narahatlıq keçirib və Nərimanov rayon Məhkəməsinə müraciət edib. Lakin A.Abdullayev həbs edildiyi üçün bu işi sona çatdıra bilmədiyini deyib.

A.Abdullayev onu da deyib ki, bir müddət sonra Aygünün əxlaqsız hərəkətlər etməyindən xəbər tutub: “İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra Aygünü görmədim və telefonla da danışmadım".

A. Abdullayev A. Akimovanın dələduzluq əməllərindən xəbərsiz olduğunu deyib. O, A. Akimovaya obyektlərinin nəzarətini tapşırması, ona maşın, ev alması haqda deyilənləri də təkzib edib: "Aygünə ancaq şirkətdə işlədiyi vaxt 300 manat maaş, atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm".

Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar. Cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılır.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkənlərdən biri Elçin Axundov məhkəmədə A. Akimovanın həyat yoldaşının AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev olduğunu deyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri