Metrodakı tüstülənmənin səbəbi məlum oldu

"28 may" və "Gənclik" stansiyaları arasında tüstülənmənin səbəbi məlum olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, tüstülənməyə səbəb tunellərə keçid tunelindəki kabellərdə baş verən qısaqapanma olub: "İki stansiya arasındakı tunellərdə bir-birinə keçid tuneli var.

Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə "Gənclik" və "28 may" stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı.

Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər metronu tərk ediblər".

X X X



Bakı Metropoliteninin "28 may" "Gənclik" stansiyaları arasında baş verən tüstüləmə aradan qaldırılıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Cəfərli məlumat verib. Onun sözlərinə görə, hadisə tuneldə kaneldə baş verən tüstüləmə nəticəsində baş verib. Metropoliten əməkdaşlarının səyi nəticəsində tüstüləmə başverən ərazi müəyyən edilib və problem aradan qaldırılıb.

Hazırda qatarlar qrafiklə hərəkətini davam etdirir: "Hadisə nəticəsində xəsarət alan olmayıb. Sadəcə, hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi və Təcili Tibbi Yradım Xidmətinin əməkdaşları cəlb edilib ki, hadisə nəticəsində özünü pis hiss edən sərnişin olarsa yardım olunsun".

X X X



Bakıda metroda tuneldə tüstülənmə olub.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə "28 may" "Gənclik" stansiyaları arasındakı tuneldə baş verib: "Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir. Tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir".
Şərhlər
Sosial bölməsinin xəbərləri