Tramp rəsmən 45-ci ABŞ prezidenti olub

Tramp rəsmən 45-ci ABŞ prezidenti olub ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən deyib.

“ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”, deyə D.Tramp bildirib.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

Tramp qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikiləcəyini, ölkədən kriminal keçmişli insanların deportasiya olunacağı barədə məlumatı təsdiqləyib.

“Boş söhbətlərin vaxtı keçib, real işlər görmək dövrü başlayır. Dəyişikliklər bu andan başlayır. Bu anlar Amerika xalqınındır. Bu sizin gününüz və bayramınızdır. Bu ölkə sizə məxsusdur. 20 yanvar 2017-ci il tarixi ölkəyə insanların idarə etməyə başlandığı gün kimi düşəcək”, deyə D.Tramp bildirib.


***

Vaşinqtonda, Kapitolinin pilləkənlərində ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.

Tramp Konstitusiyaya və ölkəyə sədaqət andı içib.

Dərhal sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb. Bundan əvvəl ənənəyə uyğun olaraq eyni andı vitse-prezident Maykl Pens içib.


***

Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.


Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.


Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.


Qarşılanma mərasimində B.Obama D. Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.


Prezidentliyinin sonuncu günü B.Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam” yazıb.


Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.


Şərhlər
Dünya bölməsinin xəbərləri