Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib. APA-nın məlumatına görə, buna Avropa Liqasının qrup mərhələsinin III turunun qarşılaşmaları səbəb olub.

Baş tutan 24 görüş cədvəldə bir sıra dəyişikliklərə səbəb olub. “Qarabağ”ın evdə Yunanıstan PAOK-u üzərindəki qələbəsi Azərbaycanın da irəliləməsinə imkan verib. Ağdam klubunun 2:0 hesablı qələbəsi ölkəmizin aktivinə 0,500 xal gətirib. “Qəbələ”nin səfərdə “Sent-Etyen”ə 0:1 hesabı ilə yenilməsi isə xal qazancı ilə nəticələnməyib.

Bununla, cari mövsüm toplanan xalımız 3,750-yə çatıb. Bunun ən böyük hissəsi “Qarabağ”ın payına düşür - 1,625. “Qəbələ” isə hesabımıza 1,375 gətirib. Artıq mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

5 mövsümün nəticələrinə görə hesabını 17,250-yə yüksəldən Azərbaycan 26-cı yeri tərk edib. Ölkəmiz bunadək 0,300 xal geri qaldığı Kipri artıq 0,200 xal üstələyir. Yunanları yenib, kiprliləri qabaqlayan Azərbaycan indi 24-cü olan İsraildən 0,625 xal geri qalır.

Cədvəldəki digər yerdəyişmə Yunanıstanla bağlıdı. PAOK uduzsa da, digər komandaları Ellada təmsilçisinin 14-cü pilləyə qalxmasına nail olub. Onlar Xorvatiyanı keçib.

Siyahıya İspaniya başçılıq edir – 91,713. Almaniya (71,069) ikinci, İngiltərə (67,248) üçüncü pillədə yer alıb.
Şərhlər
İdman bölməsinin xəbərləri