Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin əleyhinədir

Təhsil Nazirliyi Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinin mülkiyyəti profili üzrə fəaliyyətini saxlamaq şərtilə özəlləşdirilməsi ilə bağlı öz əksini tapan müddəaya münasibət bildirib.

Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya deyib ki, nazirlik məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin tərəfdarı deyil. Şöbə müdiri vurğulayıb ki, mövcud məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi onsuz da böyük deyil, ölkə üzrə əhatə olunma səviyyəsi 14 faiz təşkil edir: “Buna görə də mövcud müəssisələrin qorunub saxlanmasına ehtiyac var. İkincisi, özəlləşdiriləcək bağçaların profilinin saxlanılmasını təmin edən etibarlı mexanizm yoxdur. Üçüncüsü, istənilən hüquqi və fiziki şəxs qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq məktəbəqədər təhsil müəssisəsi aça bilər. Bu fəaliyyətə dair lisenziyanın verilməsi asanlaşdırılıb və fəaliyyətin vergiyə cəlb olunması ilə bağlı kifayət qədər güzəştlər tətbiq edilir. Yəni, bu fəaliyyətlə məşğul olan şəxsin məktəbəqədər təhsil müəssisəsi yaratmağının yolu yalnız özəlləşdirmədən keçmir”.

A.Əhmədov qeyd edib ki, son 3 il ərzində yeni fəaliyyətə başlayan özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 50-dən çoxdur. Bu sayın müsbətə doğru dəyişdiyini deyən şöbə müdiri əlavə edib ki, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni böyük layihəyə - “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”na start verilib: “Həmin proqram çərçivəsində çoxsaylı məktəbəqədər təhsil müəssisəsi inşa edilib və bu iş uğurla davam etdirilir. Bu təşəbbüs məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişlənməsinə müsbət təsir göstərəcək. Bir daha qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyi “Məktəbəqədər təhsil” haqqında qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin profili saxlanmaq şərtilə özəlləşdirilməsinin tərəfdarı deyildir. Və müzakirə olunan bu maddə ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, məktəbəqədər təhsil müəssisəsi profil üzrə fəaliyyəti saxlanmaq şərtilə hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər. Bununla bağlı Təhsil Nazirliyi öz rəy və təkliflərini Milli Məclisin müvafiq Komitəsinə göndərib”.
Şərhlər
Sosial bölməsinin xəbərləri