Azərbaycanda ət istehsalı 3%, yumurta istehsalı 5% artıb

2016-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 mlrd. 614,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bunun 2 mlrd. 220,2 mln. manatı heyvandarlıq, 2 mlrd. 394,1 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.


Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,4%, o cümlədən bitkiçilik məhsulları üzrə 1,8%, heyvandarlıq məhsulları üzrə 3,1% artıb.

Tarlalarda dənli və dənli paxlalıların yığımı əsasən başa çatıb. Oktyabrın 1-i vəziyyətinə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8%-i, yaxud 959,6 min hektarı biçilib və həmin sahələrdən 2 mln. 836,3 min ton (keçən il 2 mln. 782,4 min ton) taxıl məhsulu götürülüb. Hər hektardan orta hesabla 29,6 sentner məhsul yığılıb.

Bundan başqa, yığılacaq dən üçün qarğıdalı sahəsinin 82,2%-dən, yaxud 29,6 min hektarından 174,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 59 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 2% və yaxud 60,1 min ton artaraq 3 mln. 10,8 min tona çatıb.

Yığım başlanandan oktyabr ayının 1-dək sahələrdən 870,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,6 min ton çox kartof, 1 mln. 150,3 min ton (22,4 min ton az) tərəvəz və 461,4 min ton (20,1 min ton az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 5 sentner, tərəvəz üzrə 3 sentner, bostan məhsulları üzrə 2 sentner artıb və uyğun olaraq 141, 160 və 175 sentner olub.

Cari ildə tütünün əkin sahəsinin 73,4% artması tütün yarpağı istehsalının artmasına səbəb olub və qurudulmuş çəkidə 3,1 min ton tütün yarpağı yığılmaqla, keçən ilki səviyyəni 9,8% üstələyib.

Oktyabrın 1-i vəziyyətinə 17,1 min ton dən üçün günəbaxan istehsal edilib. Operativ məlumata görə, oktyabrın 3-ü vəziyyətinə sahələrdən 12,1 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

2016-cı ildə 7,1 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. Hazırda bu məhsulun yığımı davam edir və hesabat tarixinə 1826 hektar sahənin (əkinin 25,9%-i) çuğunduru qazılaraq çıxarılıb və həmin sahələrdən hər hektardan 324 sentner olmaqla 59,1 min ton məhsul götürülüb.

Hesabat tarixinə 538,8 min ton və yaxud keçən ildəkindən 5,4 min ton (1%) çox meyvə və giləmeyvə, 98,7 min ton və yaxud 13 min ton (11,6%) az üzüm, 891,9 ton və yaxud 335,4 ton (60,3%) çox yaşıl çay yarpağı yığılıb.

Təsərrüfatlarda 2017-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 481,9 min hektar və ya keçən ilin müvafiq dövründəkindən 3,2% çox sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 17,6 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 6,3 min hektarı və ya 35,8% buğda, 11,3 min hektarı və ya 64,2%-i arpa əkinləridir.

2016-cı ilin 9 ayı ərzində ölkə üzrə diri çəkidə 341,3 min ton mal-qara və quş əti, 1 mln. 505,6 min ton süd, 1 mlrd. 214 mln. ədəd yumurta və 16,8 min ton yun istehsal edilib. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 9,9 min ton və ya 3%, süd istehsalı 36,1 min ton və ya 2,5%, yumurta istehsalı 56,6 mln. ədəd və ya 4,9%, yun istehsalı 240,6 ton və ya 1,5% artıb.

Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2 mln. 720,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,8 min baş inək və camış, 8740,7 min baş qoyun və keçi, 5,5 min baş donuz mövcud olub. 2015-ci il oktyabrın 1-ə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,6%, o cümlədən inək və camışların sayı 0,2% artıb, qoyun və keçilərin sayı eyni səviyyədə qalıb, donuzların sayı isə 12,6% azalıb.

Yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 49,6 min ton quş əti və 497,6 mln. ədəd yumurta istehsal edilib. Ümumilikdə bu müəssisələrdə 9,7 mln. baş quş istehsal olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri