Samir Şərifov: "Manat nəinki ucuzlaşacaq..."

Samir Şərifov: "Manat nəinki ucuzlaşacaq..."Bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, manatın məzənnəsi məsələsi də öz həlli yolunu tapacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov qeyd edib ki, bu gün Azərbaycan Mərkəzi Bankı bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir: "Bunun üçün ilk növbədə ölkəyə valyutada daxilolmaları və ölkədən xaricə ödənişlər, yəni ölkədən çıxan valyutanın həcmi arasında tarazlıq baş verməlidir. Bu tarazlıq baş verdikdə isə hesab edirəm ki, manat öz ədalətli məzənnəsini tapacaq".

Nazir əlavə edib ki, hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb: "Buna baxmayaraq manatın məzənnəsinin ədalətli məcraya salınması yolunda işlər görülür. Bu proses bir neçə faktordan asılıdır. Əsas ixrac məhsulumuz olan neftin qiymətinin yüksək olması manatın məzənnəsinə müsbət təsir göstərəcək, yəni manat möhkəmlənəcək. Əksinə olduqda isə şübhəsiz ki, manatın ucuzlaşmasına təzyiq göstərəcək. Bu gün biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın, yəni biz daha çox öz məhsullarımızdan istifadə edək. Prezident İlham Əliyev tərəfindən bu vəzifə - əvəzedici istehsalın yaradılması - iqtisadi qurumlar qarşısında ən vacib vəzifələrdən biri kimi qoyulub. Bu bir tərəfdən bizim idxaldan asılılığımızı azaldacaq, digər tərəfdən isə ölkədən xaricə valyutanın çıxmamasına şərait yaradacaq. Biz çalışmalıyıq ki, ölkəyə daha çox valyuta daxil olsun".

S.Şərifovun sözlərinə görə, məlum məsələdir ki, neft bizim ənənəvi ixrac məhsulumuz olaraq qalacaq: "Bununla yanaşı, biz çalışmalıyıq ki, ixrac məhsullarımızı daha geniş şəkildə xarici bazarlara çıxaraq. Beləliklə, bu iki məsələ tədricən həll olunduqca manat nəinki ucuzlaşacaq, gələcəkdə bir qədər möhkəmlənməsi də əsaslıdır".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri