Səfir: “Yaxın zamanlarda Naxçıvan-Məşhəd qatarı işə düşəcək”

Səfir: “Yaxın zamanlarda Naxçıvan-Məşhəd qatarı işə düşəcək” "Mən sentyabrın 22-də Azərbaycanı xoş xatirələrlə tərk edəcəyəm".

APA-nın xəbərinə görə, bunu fəaliyyət müddəti başa çatmış İran səfiri Möhsün Pakayin deyib.

O bildirib ki, səfir olduğu müddətdə yalnız öz ölkəsinin mənafeyini düşünməyib: "Çalışdım ki, Azərbaycan tərəfinin də mənafeyi gözlənilsin. Düşünürəm ki, bizim münasibətlərimiz yalnız irəli gedəcək. Mən özümü Azərbaycanda qərib hiss etməmişəm. Ölkəmə qayıdandan sonra Azərbaycan xalqı üçün darıxacağam. Azərbaycanla bağlı xatirələrimi yazacağam".

Səfir qeyd edib ki, Azərbaycana gələndə, iki ölkə arasında münasibətlər bu səviyyədə olmayıb: "Bəzən müəyyən anlaşılmazlıq yaranırdı. Mən səfir olduğum müddətdə iki ölkə arasında qarşılıqlı etimad yarada bildik. Bu gün iki ölkə arasında olan münasibətlər özünün ən yüksək dövrünü yaşayır. Mən səfir olduğum müddətdə prezidentlərin qarşılıqlı səfərləri həyata keçirilib, iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, aviareyslərin sayı artıb. Yaxın zamanlarda isə Naxçıvan-Məşhəd qatarı işə düşəcək”.

İkitərəfli əlaqələrin inkişafında medianın xüsusi rolunu vurğulayan M. Pakayin yeni səfir Cavad Cahangirzadənin çox təcrübəli diplomat olduğunu vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri