Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi başlayıb

Bakı Hərbi Məhkəməsində Hərbi Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Sonra zərərçəkmiş şəxs Kazım Əsgərov dindirilib və dövlət ittihamçısının suallarına cavab verib. Vüqar Məmmədli Kazım Əsgərovdan borc olaraq, pul aldığını etiraf edib.

Vəkil A. Məmmədov vəsatət qaldıraraq dövlət ittihamçısına etiraz edib. O, dövlət ittihamçısının Respublika Prokurorluğunun ittihamçısı ilə əvəzlənməsini istəyib: "Dövlət ittihamçısı Hərbi Prokurorluğunun dövlət ittihamı idarəsinin prokuroru olduğundan bizdə bəzi şübhələr yaradır. O, böyük ehtimalla dövlət ittihamından imtina edə bilər. Hesab edirəm ki, proses Respublika Prokurorluğunun İttiham İdarəsinin prokurorunun iştirakı ilə aparılmalıdır".

Proses sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, V. Məmmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı ilə HDQ-nin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsi barəsində Respublika Hərbi Prokurorluğunda aparılmış cinayət işi üzrə istintaq qrupunun üzvü kimi fəaliyyət göstərmiş müstəntiq V. Məmmədlinin barəsində HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında aparılmış xidməti yoxlamanın nəticələrinə görə o, 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri