“Reuters”: İran OPEK ölkələrinin neft hasilatının “dondurulması” planını dəstəkləyə bilər

İran neft bazarının bərpa olunması naminə OPEK ölkələrinin neft hasilatının “dondurulması” təşəbbüsünü dəstəkləyə bilər.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” karteldəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ölkə rəhbərliyi OPEK-ə üzv olan ölkələrin Əlcəzairdə keçiriləcək enerji forumu ərəfəsində “pozitiv siqnallar” verməkdədir.

Mənbə iddia edir ki, rəsmi Tehran hələlik yekun qərar verməsə də, digər ölkələrlə razılaşmanın əldə olunmasını dəstəkləyəcək.

İran mayda hasilatın sanksiyalardan əvvəlki səviyyəsini bərpa etdiyini bildirərək, neft hasilatının “dondurulması” planını dəstəkləyəcəyini bəyan edib.

Bundan əvvəl İranın neft naziri Bijan Namdar Zanqanenin OPEK-ə üzv olan ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, beynəlxalq enerji forumunun sentyabrın 26-dan 28-dək Əlcəzairdə keçirilməsi nəzərdə tutulub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri