Rövşən Caniyevin cənazəsi Lənkərana gətirilib [Video][Yenilənir]

Rövşən Caniyevin cənazəsi Lənkərana gətirilib [Video][Yenilənir] Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) dəfn mərasimi başlayıb.

Live.Az xəbər verir ki, “Report”un Cənub bürosunun verdiyi məlumata görə, mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edir.

Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.

Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar “Şəhidlər xiyabanı” küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Küçəyə yolboyu qərənfillər səpilib.

Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunacaq.

Qeyd edək ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı hotellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Xatırladaq ki, Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. O, gənc yaşlarında atasının qatilini məhkəmə zalında güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin “Ded Xasan”ın qətlindən sonra - 2013-cü ildə Dubaya (Birləşmiş Ərəb Əmirliyinə) getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.


***

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsi doğulduğu Lənkəran şəhərinə gətirilib.

Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İstanbul-Lənkəran xüsusi reysi ilə gətirilmiş cənazə Kiçik Bazar məscidinə aparılır.

R.Caniyev bu gün səhər saatlarında Kiçik Bazar qəbiristanlığında dəfn ediləcək.

****


İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.

Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.

Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.


***

Rövşən Lənkəranskinin (Canıyev) İstanbulda öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İstanbulun Florence Nightingale Xəstəxanasından APA-nın Türkiyə bürosuna verilən məlumata görə, avqustun 18-də gecə saat 00:30 radələrində xəstəxanaya taksi sürücüsü tərəfindən üstündə heç bir sənədi olmayan naməlum şəxs gətirilib.

Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. 20 dəqiqə ərzində həkim müdaxiləsi olsa da, onu xilas etmək mümkün olmayıb.

Daha sonra polis əməkdaşları onun ölkəyə Rövşən Əliyev adı ilə daxil olduğunu müəyyənləşdirib.

R. Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub.

Prokurorluq əməkdaşları hadisəyə cəlb olunub və R. Lənkəranskinin güllə yaralarından öldüyünə şübhə qalmadığına görə onun nəşinin Məhkəmə Tibbi Ekspertizasına göndərilməsi zəruri sayılmayıb. Mərhumun qohumları da bu qərarla razılaşıblar.

Hazırda R. Lənkəranskinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür və müvafiq sənədlər hazırlanır.

Sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsdiqlənəndən sonra cənazə ölkəyə gətiriləcək.

R. Lənkəranski ilə birlikdə maşında olmuş digər şəxs isə hazırda İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində polis nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.






Rövşən Lənkərаnskinin cənazəsi Lənkərana gətirildi





Rövşən Lənkəranskinin qətli Türkiyə kanallarında

Şərhlər
Hadisə bölməsinin xəbərləri