Rövşən Lənkəranski xəstəxanada vəfat edib

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.

Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.

Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.

R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.


***

İstanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.

Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.


***

İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb.

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

Baş verən atışma nəticəsində ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı Rövşən Əliyevin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri