Polis əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirməsi onun xoşuna gəlməyib.


İsmət Bəkirov iraddan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş. Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib. Lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib. Zərərçəkmişlər aldıqları xəsarətlərlə DİN-in Hospitalına yerləşdiriliblər.


İ. Bəkirov Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri