Avropa çempionatında 1/4 final mərhələsi başlayır

Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start veriləcək.

APA-nın məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək.

Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadırlar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa millisində özünəinam hissi artıb. Komanda oyununa güvənən polşalılar Portuqaliyaya problem yarada bilər.

Öz növbəsində, Portuqaliya da matça qələbə üçün çıxacaq. Avro-2004-də gümüş medallara sahib çıxan pireneylilər AÇ-2012-də bürünc medallara yiyələnmişdilər. Kriştianu Ronaldo və komanda yoldaşları bu dəfə qızıl mükafata iddialıdırlar. Portuqaliya yığması qrup mərhələsini yaxşı keçirməsə də, hələ AÇ-2016-da məğlubiyyət acısı dadmayıb. 1/8 finala qrup üçüncüsü kimi adlayan “Avropanın Braziliyası” bu mərhələdə güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıb.


Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun

23:00. Polşa - Portuqaliya
Baş hakim: Feliks Brıx
Marsel. “Velodrom” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri