Ağcabədidə dörd nəfərin ölümü ilə nəticələnmiş cinayətin təfərrüatları məlum olub

Ağcabədidə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, arvadını, qayınatası və qayınanasını qətlə yetirdikdən sonra intihar edən, Xocavənd rayon sakini, 1970-ci il təvəllüdlü Ələsgər Əşrəf oğlu Quliyevin həyat yoldaşı ilə problemləri olub.

Belə ki, Ə. Quliyev həyat yoldaşı, 1976-cı il təvəllüdlü Raifə Ənvər qızı Səfərova ilə birlikdə Füzuli rayonunun Alıxanlı kəndində heyvandarlıq fermasında yaşayıb. Təxminən 2 ay əvvəl R. Səfərovanın ehtiyatsızlıqdan sağ ayağı sındığı üçün Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisində "Kökəltmə" adlanan ərazidə yerləşən atası evinə gedib və bu müddət ərzində ərinin yanına qayıtmayıb.

Ə. Quliyev iyunun 25-də R. Səfərovanı özü ilə yaşadığı fermaya aparmaq üçün qayınatasının evinə gəlib. O, həyat yoldaşının özü ilə getməsini israr etsə də, arvadı onunla getməkdən imtina edib. Valideynləri də R. Səfərovanın hələ orada qalıb müalicə olunmalı olduğunu bildirib. Həmin səbəbdən mübahisə baş verib. Bu zaman Ə. Quliyev özü ilə gətirdiyi ov tüfəngi ilə əvvəlcə evin həyətində qayınanası, 1954-cü il təvəllüdlü Nazilə Savalan qızı Səfərovanı qətlə yetirib. Ə. Quliyev daha sonra evə daxil olaraq yataq otağında arvadı R. Səfərovanı güllələyib. Ə. Quliyev arvadını öldürdükdən sonra getmək istəyərkən həyətdə qayınatası, 1949-cu il təvəllüdlü Ənvər Cənnətalı oğlu Səfərovla qarşılaşıb və tüfəngdən atəş açaraq onu da öldürüb.

Ə. Quliyev daha sonra Bəhramtəpə-Ağcabədi avtomobil yolunun Ağcabədi rayonu Ağabəyli kəndi ərazisindən keçən hissəsinə gələrək əlindəki silahdan özünün boğaz nahiyəsindən bir dəfə atəş açmaqla intihar edib.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanları əməkdaşları oradan lüləsi kəsilmiş, 16 mm kalibrli ov tüfəngi və 4 ədəd giliz götürüblər.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri