Azər Şəmsəddinski: “Yanlış amputasiya olunan xəstənin sol ayağı da kəsiləcək”

"Ayağı yanlış amputasiya olunan xəstə sabah yenidən əməliyyat olunacaq".

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib. O qeyd edib ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzin tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib və xəstənin sol ayağının da kəsilməsinə qərar verilib: “Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”.

Azər Şəmsəddinski həmçinin qeyd edib ki, xəstəni özü əməliyyat edəcək.

Qeyd edək ki, şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o dünən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin cərrah 87 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsib.

T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri