Dünya liderləri "Brexit"ə münasibət bildirib

Dünya liderləri və beynəlxalq təşkilatlar Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla bağlı keçirilən referendumun nəticələrinə münasibət bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Evdən deyilib ki, prezident Barak Obama referendumun nəticələrindən xəbərdardır və o, yaxın bir neçə gündə Böyük Britaniya baş naziri Devid Kameronla danışmaq imkanı əldə edəcəyini ümid edir.

Fransanın xarici işlər naziri Jan-Mark Eyro referendumun nəticələrindən pərişan olduğunu açıqlayıb: “Avropa İttifaqı fəaliyyət göstərməyə davam edəcək. Lakin o, insanların etibarını geri qaytarmalıdır”.

Yaponiya hökuməti bu axşam Britaniyadakı referendumun nəticələri ilə bağlı növbədənkənar iclas keçirmək niyyətindədir. Nazilər Kabineti britaniyalıların qərarının Yaponiya iqtisadiyyatına və şirkətlərinə mənfi təsirini minimuma endirmək üçün görülməli olan tədbirləri müzakirə edəcək.
Seçkilərin nəticələrinə ATƏT-in baş katibi özünün “Twitter” səhifəsində reaksiya verib. Onun sözlərinə görə, bu səsvermənin nəticəsi onu göstərdi ki, dünya liderləri sürətlə dəyişən dünyada insanların reaksiyasına lazımi qədər qiymət vermirlər.

Polşa xarici işlər naziri Vitold Vaşşikovski britaniyalıların qərarından təəssüf hissi keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qərar onu göstərdi ki, Aİ konsepsiyasının dəyişməsi çox vacibdir.

Avropa Parlamentinin rəhbəri Martin Şultz Böyük Britaniyanın qərarından sonra zəncirvari reaksiyaların başlamasına imkan verməmək üçün Almaniya kansleri Angela Merkellə müzakirə aparacaq. O, "Brexit"in mənfi təsirlərinin olacağını desə də, başqa ölkələrin bu təhlükəli yolla gedəcəyini düşünmədiyini söyləyib.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə Britaniyada referendumun nəticələrini Putinin növbəti qələbəsi kimi qiymətləndirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri