Azərbaycanda Xəzər akvatoriyasının ən iri külək elektrik stansiyası tikiləcək

Azərbaycan Xəzər dənizi akvatoriyasında ən iri külək elektrik stansiyası inşa edəcək.

APA xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, layihənin dəyəri 300-330 mln. dollardır.

Dövlət Agentliyinin sədri bildirib ki, Xəzər dənizi akvatoriyası külək enerjisi stansiyalarının tikintisi baxımından böyük potensiala malikdir.

Stansiyanın qurulması ilə xarici şirkətlərin iştirakı ilə SOCAR məşğul olacaq. "Artıq layihəyə Çin, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya şirkətləri maraq göstərir", - deyə A. Bədəlov qeyd edib.

Onun sözlərinə görə, layihənin tikintisi üç mərhələdən ibarət olacaq: "Stansiyanın obyektlərinin tikintisi, su üzərində yolun inşası, həmçinin platformanın qurulması və elektrik şəbəkəsinin paylanılması işləri aparılacaq. Planlaşdırılır ki, müasir külək parkı regionun turizm sahəsinin inkişafına öz töhfəsini verəcək. İlkin hesablamalara görə, layihə 10 il ərzində özünü doğruldacaq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri