Azərbaycanda bank sektorunun diaqnostikası aparılır

"Moodys" beynəlxalq reytinq agentliyinin nümayəndə heyəti bu yaxınlarda Bakıya səfər edəcək. Biz onlarla əlaqədəyik, danışacağıq. Onların ölkənin bütün makroiqtisadi institutları ilə görüşləri planlaşdırılır". "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Bəzi KİV-də "Moodys" analitiklərinin Azərbaycan bank sektorunun defoltla üzləşəcəyi barədə hər hansı bir fikirlərinə gəlincə sədr bildirib ki, belə nəticəyə gəlmək üçün ən azı görüşlərin keçirilməsini gözləmək lazımdır: "Həm yerlərdə bank sektorundakı vəziyyətlə tanış olmaqla, müvafiq qurumlarla görüşdən sonra hər hansı bir bəyanat vermək daha doğru olardı".

"Düşünürük ki, Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində bütün maktoiqtisadi orqanlar - Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazalarına Nəzarət Palatası tərəfindən birgə ciddi iş gedir, bank sektorunun diaqnostikası aparılır. Bunun nəticəsində ortaya bir proqram - maliyyə sabitliyi proqramı qoyulacaq və bu proqramı reallaşdıracağıq. Bütün işlər bu plana uyğun davam etdiriləcək", - deyə E.Rüstəmov qeyd edib.

***
AMB sədri əlavə edib ki, bank sektorunda aparılan restruktizasiya prosesinin ilk mərhələsi başa çatıb: "AGBank"ın kapitallaşması həyata keçirilib. Palata ilə birlikdə onun likvidlik problemini həll etdik və Bank bazara qayıdır. "Bank Standard"ın da sağlamlaşdırılması proqramı gündəlik müzakirə olunur. Qısa müddətdə bu proqramı açıqlayacağıq".

E.Rüstəmov bildirib ki, hazırda hökumət orqanlarında ipoteka sənədlərinə son baxış həyata keçirilir: "Biz də o prosesdə müəyyən dərəcədə iştirak edirik, sorğulara cavab veririk. Ümid edirəm ki, tez bir zamanda bu sənədlər imzalanmaya təqdim olunacaq. Son variantla bağlı hələ qərar olmadığına görə şərtləri açıqlamaq mümkün deyil. Mənə elə gəlir ki, ipoteka məbləği artırılmalı, xüsusilə kommersiya ipotekası bütövlükdə mənzil tikintisinə dəstək üçün yeni tikililərə yönəldilməlidir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri